16 Ocak 2014 Perşembe

Müəllimlərin sertifikasiyası


Müəllimlərin sertifikatlaşdrılması gözlənilir


AgahMedia.Com informasiya portalının Xəzər TV-yə istinadən məlumatına görə, Təhsil
Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib ki, bu sistem tətbiq olunsa, orta məktəblərdə müəllim işləyənlər sertifikatlaşdırmadan keçdikdən sonra onlara nəticələri özündə əks etdirən sənəd veriləcək: “Əgər müəllim nəzərdə tutulan yüksək nəticəni əldə edərsə, onda o, əmək fəaliyyətini davam etdirəcək və əmək haqqına əlavələr ediləcək”. O bildirib ki, əvvəlcə müəllimlər sertifikatlaşdırılmada könüllü şəkildə iştirak edəcəklər: “Yəni hansı müəllim istəyirsə, sertifikatlaşdırmadan keçə bilər. Belə bir təcrübə dünya ölkələrində tətbiq olunur. Gürcüstanda sertifikatlaşdırmadan keçən müəllimlə keçməyən müəllimin əmək haqqı arasında 500 dollar fərq olur. Bu isə müəllimlər üçün çox böyük stimuldur. 3-5 il bunu könüllü etmək olar. Bundan sonra ortaya artıq məcburi mexanizmlər qoymaq olar. Müəllim işləmək istəyən ya sertifikatlaşdırılmadan keçib məktəbdə işləməli, ya da işləməməlidir”. F. Qədirovun sözlərinə görə, hazırda Azərbaycanda belə bir proseduru həyata keçirə bilən başqa bir qurum yoxdur: “Ona görə də Təhsil Nazirliyi özü bu prosesə başlamaq və onu həyata keçirmək istəyir. Ancaq gələcəkdə bu prosedurun müstəqil təşkilat tərəfindən aparılması da mümkün ola bilər”. Müəllimlərin sertifikatlaşdırılması məsələsinə münasibət bildirən Çağ Öyrətim İşlətmələri Şirkətinin baş pedaqoji müşaviri Nazim Əkbərov deyir ki, təhsil işçilərinin belə bir yoxlamadan keçirilməsi müsbət addımdır: “Lakin, burada sertifikatlaşdırılmanın hansı qurum tərəfindən və necə həyata keçiriləcəyinə diqqət yetirmək lazımdır. Əgər, müəllimlərin sertifikatlaşdırılması obyektiv aparılmayacaqsa, o zaman bu prosesdən uğurlu nəticə gözləmək olmaz”.
“Sertifikatlaşdırılmanı təkcə orta məktəblərlə məhdudlaşdırmaq olmaz”, – deyən Nazim Əkbərovun sözlərinə görə, hər bir orta məktəb müəllimi eyni zamanda bir universitet məzunudur: “Əgər universitetdə tələbəyə normal təhsil verilmirsə, məzun olduqdan sonra həmin şəxs sertifikatlaşdırılmadan necə keçəcək. Ona görə də sertifikatlaşdırılmaya bütövlükdə təhsil sistemini əhatə edəcək şəkildə yanaşmaq lazımdır. Ən əsası isə odur ki, sertifikatlaşdırılmanı həyata keçirmək üçün elə bir qurum seçilməlidir ki, heç kim bu qurumun obyektivliyinə şübhə etməsin”.
Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqqlarının nə qədər artırıla biləcəyini açıqlamayıb. Bu məsələyə şöbə müdirinin münasibətini öyrənməyə çalışsaq da, buna nail ola bilmədik. Dəfələrlə zəng etməyimizə baxmayaraq Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsindən bizə cavab verən olmadı. Apardığımız təxmini hesablamalar göstərir ki, sertifikatlaşdırılmanın tətbiq olunmasından sonra Təhsil Nazirliyinə əməkhaqlarını artırmaq üçün ən azı 4,5-5 milyon dollar vəsait lazımdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda ümumtəhsil müəssisələrində 170 minə yaxın müəllim işləyir. Ölkədə 1 milyon 300 min şagird olduğu üçün məktəblərdə ən azı 100 min müəllimin (13 şagirdə 1 müəllim) işləməsi lazımdır. 100 min müəllimin əməkhaqqını Gürcüstanda olduğu kimi, ən azı 45 dollar artıra bilmək üçün Təhsil Nazirliyinin daha 4,5 milyon dollara ehtiyacı var. Qeyd edək ki, gələn ilin dövlət büdcəsinin layihəsində təhsil xərclərindən əməkhaqqı sisteminin təkmilləşdirilməsi məqsədilə 152 milyon manatın ayrılması nəzərdə tutulub. 
Orta məktəb müəllimlərinin sertifikatlaşdırılmadan keçirilməsi nəzərdə tutulur. Sertifikatlaşdırılmadan uğurla keçən müəllimlərin əməkhaqlarının artırılacağı gözlənilir. Zəif nəticə əldə edən müəllimlər isə işlərini itirə bilərlər. Məlumat üçün bildirək ki, hazırda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirovun da qeyd etdiyi kimi, Gürcüstanda müəllimlər sertifikatlaşdırılmadan keçirilir. Qonşu ölkədə sertifikatlaşdırılmadan keçən müəllimlərin əməkhaqlarına ən azı 76 lari (45 dollar) əlavə edilir. İngilis dilini və kompyuterdə işləməyi bilən müəllimlərin əməkhaqqı isə digər müəllimlərlə müqayisədə 200 lari (120 dollar) çoxdur. Gürcüstan Prezidenti Mixael Saakaşvili mətbuata verdiyi açıqlamada bildirib ki, hazırda müəllimlərin minimum əməkhaqqı 350 lariyə (210 dollar) bərabərdir: “Ancaq sertifikatlaşdırılmadan sonra orta aylıq əməkhaqqı 600 lariyə (365 dollar) yüksələcək. Sertifikatlaşdırılmadan daha yüksək nəticə əldə edənlər isə 1000 lari (600 dollar) əməkhaqqı alacaqlar”. Onu da qeyd edək ki, Gürcüstanda 2014-cü ilə qədər bütün müəllimlərin sertifikatlaşdırılmdan keçiriləcəyi gözlənilir.

2 yorum:

  1. genish melumatiniza gore teshekkurler Aqil m. inaniram ki, ingilis dili muellimleri bundan yararlanacaqlar.

    YanıtlaSil
  2. Kaş ki, bu sertifikatlaşma elə başlayacağı gündən məcburi qaydada tətbiq olunardı. 3-5 il də burada itirmək lazım deyil, məncə.

    YanıtlaSil