14 Şubat 2014 Cuma


Təhsil keyfiyyətə görə dəyərləndirilməlidir


tehsil nazirliyi binadan

«Direktorların Təhsil Nazirliyində deyil, icma qarşısında hesabatına ehtiyac var»
Respublikamızın ümumtəhsil məktəblərində təhsil keyfiyyətinin aşağı olması dəfələrlə vurğulanıb. Ali məktəblərə qəbul göstəriciləri və orta məktəblərin buraxılış imtahanlarının nəticələri ilə bağlı açıqlanan son rəqəmlər də narahatçılığın əbəs olmadığını göstərdi. Elə məktəblər olub ki, ötən il IX sinfi 12-13 şagirdi bitirib, hamısı buraxılış imtahanından kəsilib. Məktəblər var, XI sinfi bitirən 18-19 şagirdindən cəmi bir-ikisi buraxılış imtahanından keçib. Maraqlıdır respublikamızda təhsil sahəsinə ayrılan vəsaitin ildən-ilə artdığı bir şəraitdə nədən təhsilin keyfiyyəti eyni sürətlə azalır?
Məsələyə münasibət bildirən Rövşən Ağayev yaranan problemi bir sıra səbəblərlə əlaqələndirir: «Ölkə qanunvericiliyinə görə, təhsil haqqında sənəd orta məktəbdə şagirdlərin bilik səviyyəsini göstərən əsas sənəddir. Amma bu gün ayrı-ayrı raylonlarda IX sinfi bitirən şagirdlərin 65-70 faizi orta məktəb imtahanlarndan kəsilmiş sayılır. Bu da tədrisin keyfiyətinin aşağı olması ilə bağlıdır. Bunun da bir sıra səbəbləri var. Bu həm müəllimlərin peşəkarlıq səviyyəsinin yetərli olmaması, həm də uzun illərdir təhsil sahəsində baş verənlərin məntiqi nəticəsidir. Son illər orta məktəbdə pedaqoji heyətin keyfiyyət tərkibi tam dəyişib. Müəllim sənətinə nüfuzun azalması, əmək haqqının çox aşağı olması səbəbindən peşəkar kadrların əksəriyyəti məktəblərdən gedib. Həmçinin, bu savadlı gənclərin müəllim ixtisasına gəlməsi hallarını kifayət qədər azaldıb. Bir qədər savadlı gənclər gələcəkdə özlərinə gəlir gətirəcək peşələrin ardınca gedir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatlarına baxanda da görürük ki, ən yüksək müsabiqə vəziyyəti hüquqşunas, həkim, iqtisadçı ixtisaslarında müşahidə olunur. Hansı ki, bu ixtisaslar gələcəkdə həmin gənclərə əmək bazarında özlərinə gəlir əldə etmək imkanı verə bilər. Bu artıq ixtisaslar arası bir tələbə-məzun axıcılığı yaradıb. İqtisadiyyatda da belə bir tendensiya var ki, hansı sahələr gəlirli sahələr deyil, həmin sahələrdən digər gəlirli sahələrə axıcılıq olur. Təxminən bunun analogiyası təhsil sahəsində özünü göstərməyə başladı. Müəllim ixtisası nüfuzdan düşdükcə gənclər digər sahələrə üz tutdular. Plan yerləri dolmadıqda isə ən aşığı bal toplayanların da pedaqoji ixtisaslara qəbulu aparıldı. Hətta 5 ballıq sistem üzrə 200-250 bal toplayan uşaqlar da pedaqoji ixtisaslara qəbul edildi. Bu isə 5 ballıq sistem üzrə 2 qiymət almaq demək idi. Köhnə kadr bankı isə əmək haqqı aşağı olduğundan peşələrini dəyişdi və məktəbdən ayrıldı. Bir qrup isə dərsdən kənar dövrdə repititorluqla məşğul olmağa başladılar. Bu gün elə müəllimlər var ki, gün ərzində 10-12 saatlıq repititorluq edir. Onlar da məktəbdə işləməkdə stimul görmədiklərindən bu addımı atdılar. Nəticədə bu günkü vəziyyət yarandı».
Büdcədən təhsilə ayrılan vəsaitin ildən-ilə artmasına münasbət bildirən R.Ağayev deyir ki, yeni məktəb binalarınn tikinisi də vacibdir: «Amma sovet təhsil sisteminin binalarının 60-70 faizi yararsız halda idi. Bu vəziyyət ötən əsrin 90-ci illərində daha da dağılıb. Amma sovet orta təhsil sistemi dünyada model sayıla biləcək təhsil sistemlərindən biri idi. Hətta bir məqalədə oxumuşdum ki, Finlandiyada sovet təhsil sistemi baza kimi götürülüb. Dünyada ali təhsil sisteminə görə, birinci yerdə Amerika təhsil sistemi olsa da, orta təhsil sisteminin inkişafına görə ilk yeri isə Finlandiya təhsil sistemi tutur. Məntiqlə hər şey yaxşı texnologiyaya bağlı olsa, sovet təhsil sistemi o qədər öndə olmazdı. Bu gün hökumət əsasən yeni məktəblərin tikintisini, təmirini önə çıxarsa da, bu kəmiyyət göstəricisidir. Təhsil isə keyfiyyətə görə dəyərləndirilməlidir. Hökumətin hədəfi olmalı idi ki, XI sinfi bitirənlərin neçə faizi ali məktəblərə daxil olur. Bu gün orta məktəblərdə qiymət ala bilmə faizi 50 faizdir. Avropa ölkələrində isə orta məktəbi bitirənlərin 85-90 faizi attestat alırlar. Hökümətin planı olmalı idi ki, orta məktəbi bitirənlərin neçə faizi ali məktəblərə qəbul olunur. Bu gün Azərbaycanda bu göstərici 20 faiz deyil. Avropada isə bu göstərici 35-40, İsraildə 50 faizdən yuxarıdır. Yaxud PISA (Programme for International Student Assessment) imtahanlarını deyək. İqtisadi Əməkdaşlıq Təşkilatı orta məktəbdə 15 yaşlı şagirdlərin biliyini qiymətləndirir. Biz bu imtahanlardan acınacaqlı nəticələr əldə edirdik. Vəziyyətin bu şəkildə olduğundan hökumət bu göstəricidən imina etdi. Amma Qazaxıstan hökuməti qarşısına məqsəd qoyub ki, PİSA qiymətləndirməsində ilk onluğa düşsün. Bizim hökumətin də hədəfləri bu olmalı idi. Bizim hökumətin hədəfləri isə orta məktəb binalarının tikintisidir. Yaxşı məktəb binalarımız olsun, içərisində təhsil olmasa da olar».
R.Ağayev deyir ki, bu sahədə görüləcək işlər çoxdur: «Yeni təhsil naziri təyin olunub. Amma sistem dəyişməsə bir fərdin etmək istədikləri ən uzağı özfəaliyyət olacaq. Nazir işləyəndən sonra yeni qəbul olunan strategiyadan başqa bir dəyişiklik görmürük. Hətta ab-havanın özünün dəyişməsini belə hiss etmirik. Pedaqoji ovqatın valideynlərinin ovqatının dəyişilməsini belə hiss etmirik. İslahatlar kadr dəyişikliyi şəklində olmamalıdır. İslahat sistemin dəyişməsi, institutların fəaliyyətinin yenilənməsi ilə bağlı olmalıdır. Kadrları dəyişmək də olar, saxlayıb işlətmək də olar. Digər tərəfdən kurikulumun ağırlığı, dərsliklərlə onlar arasında fərqlərin olması ilə bağlı fikirlər səsləndirilirdi. Amma hazırda hökumətin bu istiaqmətdə heç bir addımını görmürük. Doğrudan da, hökumət bu istiqamətdə addım atmaq istəyində olsa, bunu dəyişiklik hesab etmək olardı. Yaxıd orta məktblərə inzibati müxtariyyət verilməsinə ehtiyac var. Direktorların Təhsil Nazirliyinin deyil, icma qarşısında hesabatlılığına ehtiyac var. Çünki Təhsil Nazirliyi hansısa direktorla bəlkə də illər boyu görüşmür. Amma valideyn, şagird, müəllim hər gün direktorun qarşısında olur. O səbəbdən burada seçkili sistemin işə salınması lazımdır. Direktoru Valideynlər və Müəllimlər Şurası seçməlidir. Buna gedilsə, dəyişiklik olardı. Amma bir naziri çıxarıb, onun yerinə başqa şəxsi təyin edirlər. 5 il keçir, sonda məlum olur ki, dəyişən heç nə yoxdur. Çünki fərdlərin dəyişməsi önəmli deyil. Önəmli olan mexanizimlərin dəyişməsidir. İndii də araşdırma aparılmalıdır ki, yeni nazir gələndən sonra hansı mexanizmləri təklif edib. Hansı idarəetmə mexanizmi dəyişib. Bunlar yoxdur. Sistemin dəiyşməsi üçün orta təhsilin idarəetməsi dəyişilməlidir. Bu sahədə ictimai nəzarət mexzanizmləri artırılmalıdır. Valideyn Şuraları formallıqdan çıxaraq işlək instituta çevrilməlidir. Onlar direktoru seçən tərəfdən birinə çevrilməlidir. Qanunda göstərilməlidir ki, direktor Müəllimlər Şurası və Valideyn Şurası qarşısında hesabat verəcək. Maliyyə və təsviri hesabat bu Şuralara verilməlidir, təhsil şöbələrinə yox. Məktəblərə maliyyə müstəqilliyi verilməli, onların ayrıca bank hesabı olmalı və hesablaşmanı özləri aparmalıdır. Məktəblər şagirdlərin olimpiadalarda iştirakı da maliyyələşdirməlidir».
Ekspert deyir ki, orta məktəblər təkcə vətəndaş hazırlamaq yox, həm də bilikli vətəndaş hazırlamaq üzərində düşünməlidir: «Bilikli insan yaxşı olacaq. Dünyanın əksər ölkələrinin təhsil strategiyalarında yazılıb ki, orta məktəblərdə bilikli insan hazırlanmalıdır. Əgər bilikli insan hazırlanarsa, o həm də yaxşı insan olacaq. Düzdür, bilikli insan, yaxşı vətəndaş olmaya da bilər. Amma istənilən halda məktəb bilikli insan hazırlamağı qarşısına məqsəd kimi qoymalıdır».

1 yorum: