Kurikulum

Təlim strategiyaları    


Hər dövrün dəyişkən, özünəməxsus tələbinə uyğun, istənilən dəyişikliyə (xüsusilə informasiya dəyişikliyinə) adaptasiya qabiliyyəti yüksək, öz üzərində işləməyi bacaran, öyrənməyi öyrənən, fəaliyyətində müasir texnologiyalar və dövrün tələbinə uyğun mümkün yenilikləri tətbiq edən, yüksək mənəvi keyfiyyətlərə və dünyəvi dəyərlərə malik şəxsiyyət yetişdirmək cəmiyyətin başlıca problemlərindən biridir. Qloballaşmanın vüsət aldığı informasiya cəmiyyətində şəxsiyyətin yetişməsində genetika və mühitlə yanaşı təhsilin də rolu böyükdür. Təhsil nəinki ölkədaxili ziyalı mühitin formalaşmasına xidmət edir, eyni zamanda beynəlxalq aləmdə də ölkənin rolunu müəyyən edən əsas amillərdən biri kimi öz ağırlığını saxlayır.          Birləşmiş Millətlər Təşkilatının «Təhsil əsri» kimi elan etdiyi XXI əsrin əsas xüsusiyyətləri təhsilin inkişafına da öz təsirini hiss etdirməkdədir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: «Həyat böyük bir prosesdir. Bu prosesdə  uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır, Təhsil də daim təkmilləşdirilməlidir. Bütün bunlar Azərbaycanın təhsil  işçilərinin üzərinə düşən vəzifələrdir». Elə bu fikri rəhbər tutaraq «müasir dövrün tələbinə cavab vermək», «dünya təhsilinə inteqrasiya etmək» və sairə kimi məqsədləri özündə cəmləşdirən Təhsil islahatları həyata keçirilməyə başladı.  Bu islahatlarının nəticəsidir ki, ilk əvvəl təhsilin quruluşunda təməlli dəyişikliklər oldu. Təhsil pillələri Məktəbəqədər təhsil pilləsi, Ümumi təhsil pilləsi, Ali təhsil piləsi olaraq
formalaşdırıldı. Müstəqil Azərbaycan Respublikasının təhsil tarixində ilk dəfə 2006-cı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)» adlı sənəd hazırlandı və təklif və rəylər nəticəsində yenidən nəzərdən keçiriliən fənn kurikulumları 2007-ci ildə təsdiq olundu. İbtidai təhsil səviyyəsi üzrə ibtidai təlimin məzmunu və təşkili ilə bağlı zəruri məsələləri özündə əks etdirən təsdiq olunmuş konsepsiya artıq tətbiq olumağa başladı.  Milli Kurikulumun tərkib hissəsi olub, ənənəvidən fərqli olaraq mövzular yox, ayrılıqda hər bir fənnin məqsədini, məzmununu, siniflər üzrə təlim nəticələrini, təlim strategiyalarını, şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirən Fənn Kurikulumunun Ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsində tətbiqinə bu ildən start verildi. Ənənəvi təhsildən şəxsiyyətyönümlü, şagirdyönümlü, inteqrativlik və tələbyönümlü olmağına görə seçilən Müasir kurikulumun ən xarakterik xüsusiyyətlərindən biri  onun nəticəyönümlü olmasıdır. Ənənəvi təhsil proqramının əsas məqsədi fənlərin tədrisi idisə, Müasir Kurikulumun əsas məqsədi bacarıq və vərdişlərə malik şəxsiyyət yetişdirməkdir və bu məqsəddə fənlər sadəcə məqsədə çatmaq üçün vasitədir. Həm də kurikulumda  şagirdlərin sonda əldə edəcəyi nailiyyətlər əvvəlcədən təlim nəticələri formasında göstərilir və bütün strategiya həmin təlim nəticələrinə çatmaq üçün qurulur. Müasir Kurikulumun əsas məqsədi yaşadığı informasiya bolluğu ilə təchiz olunan cəmiyyətin tələblərinə cavab verən, tənqidi, məntiqi, yaradıcı təfəkkürə malik, özündə istənilən sahə üçün tətbiqi zəruri olan müəyyən bacarıq və vərdişləri formalaşdıran və daim öyrənən, özünü təkmilləşdirən şəxsiyyət formalaşdırmaqdan ibarətdir.
 Bütün bu və ya digər tələblər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)» dövlət sənədində öz əksini belə tapmışdır:
·         təhsilin məzmununu təhsilalanların və cəmiyyətin təlabatına, dövlətin təhsil siyasətinə uyğunlaşdırmaq;
·         məzmunu nəticəyönümlülük, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, inteqrativlik prinsipləri əsasında müəyyənləşdirmək;
·         təhsilalanların təlim marağını, potensial imkanlarını, sağlamlığının təhlükəsizliyini nəzərə almaqla onlara davamlı inkişaflarını təmin edən, müstəqil həyatda lazım olan zəruri biliklərin və əqli, informativ-kommunikativ, psixomotor bacarıqlarının aşılanmasını təmin etmək;
·         təhsilin məzmununa, şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi xarakterdə olmayan, məzmunu ağırlaşdıran məlumatyönümlü məsələlərin daxil edilməsinə yol verməmək.
          Dövlət sənədində əksini tapan bütün bu tələblərin tədris prosesində həyata keçməsi üçün müəllimin üzərinə xüsusi məsuliyyət düşür. Standartlara əsaslanan nəticəyönümlü fənn kurikulumunun ugurlu tətbiqi üçün müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bilik və bacarıqlarını sərf etməklə şagirdlərə nəinki bilik verir, eyni zamanda  şagirdin gələcək fəaliyyəti üçün zəruri olan bacarıq, vərdiş, dəyər və keyfiyyətləri formalaşdırır.  Fənn kurikulumunun strukturu fənnin məqsədi və məzmunu, təlim strategiyaları, şagird nailiyyətlərinin qiymətləndirilməsini özündə əks etdirir.
  Müəllim,  kompetensiyalara (kompetensiya-XXI əsrin tələbinə uyğun şəxsiyyət yetişdirmək üçün, tələb olunan bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlərin siyahısı) malik insanlar cəmiyyətini formalaşdırmaq üçün təlim prosesində strategiyasını düzgün müəyyənləşdirməlidir. Təlim strategiyası – məzmun standartlarını ödəməklə məqsədə çatmaq üçün təlim prosesinin məqsədəuyğun təşkili və sonda real nəticələrinin qiymətləndirilməsidir.
     Təlim strategiyaları dedikdə təlimin təşkilinə verilən əsas tələblər, təlim fəaliyyətinin planlaşdırlması, üsullar və iş formaları nəzərdə tutulur.


    Təlim strategiyasını müəllim əvəlcə təlimin təşkilinə verilən tələbləri müəyyənləşdirməklə qurmağa başlamalıdır.
Pedoqoji prosesin tamlığı - tərbiyə, təhsil və təlim proseslərinin özünəməxsus spesifik xüsusiyyətlərini birləşdirərək ümumi bir məqsədə, yəni şəxsiyyətin inkişafına yönəlməsi prosesidir. Müəllim həm tərbiyə, həm də təlimin üç əsas funksiyalarının - təhsilverici (öyrədici), tərbiyəetdirici və inkişafetdirici funksiyalarının təlim prosesində tətbiqinə diqqət yetirməlidir.
Təlimdə bərabər imkanların yaradılması - irq, cins, millət, hər hansı bir fiziki qüsur və sairə amilləri nəzərə almadan təlim prosesində bütün şagirdlərə, onların potensial imkanlarını nəzərə almaqla bərabər imkanların yaradılması prosesidir. Bu prosesi sinifdə uğurla tənzimləyən müəllim şagirddə özünəinam hissi yaratmaqla bərabər, həm də şagirdlərdə tolerantlıq, fərqlərin dərk edilməsi, təzyiq göstərmədən çoxmədəniyyətli cəmiyyətin həyatında münaqişələri tənzimləmək bacarığı kimi kompetensiyaları formalaşdırır.
Şagirdyönümlülük - şagirdlərin dəyişən və daim inkişaf edən maraqlarını nəzərə almaqla və öyrədici, inkişafetdirici və tərbiyələndirici təlim mühitini yaradaraq  tələbatlarını ödəməklə, onların istedad və qabiliyyətlərini üzə çıxarılması, potensial imkanlarının aşkarlanması və müəllim tərəfindən inkişaf etdirilməsi prosesidir. Bu prosesi təlim prosesində uğurla tətbiq edən müəllim, şagirdlərdə tək biliyi formalaşdırmır, eyni zamanda onların potensialına və qabiliyyətlərinə uyğun bacarıqları formalaşdırır ki, bu da şagirdlərdə həm peşə seçimini asanlaşdırır, həm də bir çox həyati bacarıqlara yiyələnməklərinə şərait yaradır.
İnkişafyönümlülük - şagirdin idrak fəallığının sadədən mürəkkəbə (siniflər üzrə) prinsipi ilə izlənməsi, nailiyyətlərinin təhlil edilməsi, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsinin tənzimlənməsi prosesidir. Təlim prosesində bu tələbə əməl edən müəllim - şagirdin fəaliyyəti səviyyəsində izlənən yüksəliş və enişi izləməklə şagird fəaliyyətinin zəifləmə nöqtəsini müəyyən edir və zəifləmə səbəblərini araşdıraraq şagirdə mənəvi, psixoloji dəstək olaraq irəliləməsinə şərait yaradır.
Fəaliyyətin stimullaşdırlması - şagirdlərdə təlimə marağı artırmaq üçün onların fəaliyyətində bütün irəliləyişlərin qeyd olunması və dəyərləndirilməsi prosesidir. Bu tələbi təlim prosesində reallaşdıran müəllim, şagird nailiyyətlərini izləmək üçün müxtəlif yoxlamalar aparmaqla, şagirdləri ölkədaxili və beynəlxalq müsabiqə və olimpiadalara cəlb etməklə, şagirdlərdə müvəffəqiyyətə inam, nailiyyətləri yüksəltmək məqsədi, daha böyük nailiyyətlərə imza atmaq üçün səy və inamlı cəhd kimi fəaliyyətstimullaşdırıcı keyfiyyətlər formalaşdırır.
Dəstəkləyici təlim mühitinin yaradılması - şagird üçün pedoqoji prosesdə münasib maddi-texniki bazanın təşkili və sağlam mənəvi-psixoloji mühitin yaradılması prosesidir. Təlim prosesində bu prosesi tətbiq edən müəllim, müasir tələblərə cavab verən əşyavi mühit (sinifdə əşyaların, mebellərin şagird istifadəsinə uyğun təşkili) yaratmaqla yanaşı, şagirdlərin müxtəlif öyrənmə vasitə və üsullarından istifadə etmələri üçün əlavə resurslardan, tədris vəsaitlərindən istifadəsini təmin etməklə bir sıra dəyər və mənəvi keyfiyyətlərin formalaşması üçün əməkdaşlıq, ünsiyyət kimi bacarıqları yaratmaqla dəstəkləyici mühiti təmin edir.
Təlim strategiyasının qurulmasının digər şərtlərindən biri də təlim fəlaiyyətinin planlaşdırlmasıdır. Kurikulumda dövlət tərəfindən şagirdin bilik və bacarıına qoyulan tələbə yəni, standarta nail olmaq üçün müəllim təlim fəaliyyətini düzgün planlaşdırmalıdır.
Planlaşdırmanın 2 növü var:
1.      Perspektiv (illik) planlaşdırma.
2.      Cari (gündəlik) planlaşdırma
Perspektiv planlaşdırma tərtib edən müəllim xüsusilə bir neçə məqama diqqət etməlidir.
1). Tədris vahidinin və mövzuların ardıcıllığını düzgün müəyyənləşdirməlidir. (Sadədən mürəkkəbə doğru)
2). İnteqrasiya imkanlarını düzgün müəyyən etməlidir. (Fənndaxili və fənlərarası)
3). Şəraitə və sinfin səviyyəsinə uyğun resursları seçməlidir. (Əlavə vəsaitlər və təchizat)
4).Şagirdlərin inkişaf və qavrayış səviyyələrini nəzərə almaqla mövzulara uyğun vaxt bölgüsü aparmalıdır, yəni mövzuların çətinlik dərəcəsinə uyğun ayrılan vaxt bölgüsünü özü azaldıb, artırmalıdır.
İnformatika fənni üzrə I yarımil üçün perspektiv planlaşdırma nümunəsi:


  Ümumi təhsil pilləsində tədris olunan hər bir fənnin özünəməxsus məqsədlərindən əlavə, ümumi məqsədlərindən  biri fənni müasir informasiya cəmiyyətinin tələblərinə uyğun tədris etməkdir. Müasir Kurikulum  tətbiq olunan siniflərdə fənlərin Fəal (interaktiv) təlimlə tədrisi təlim prosesini şagirdlərin marağına uyğun qurmağa xidmət edir. Hər bir fənni tədris edən müəllim - qarşısında duran vəzifələri yerinə yetirməsi, fənin məqsədiniə nail olması və nəinki bu günün, hətta sabahın da tələblərinə cavab verən şəxsiyyət formalaşdırması üçün  hər günün cari planlaşdırmasını düzgün qurmalıdır. Mövzuya uyğun düzgün seçilmiş təlim üsulları, iş formaları, Fəal dərsin mərhələlərinə uyğun qurulmuş məqsədli strategiya,  şagirddə idrak fəallığı yaradacaq motivasiya, tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafına yönəldilmiş iş vərəqləri şagird fəaliyyətlərin düzgün izlənilməsi və obyektiv qiymətləndirilməsi şagirdlərin təlim nəticələrinə daha tez çatmalarına imkan yaradır.
  Cari planlaşdırmanın sxemi:

    Hər bir sinfin, bütövlükdə desək fənnin ümumi  təlim nəticələrinin reallaşdırılmasının həyata keçirilməsi tədris prosesində is formaları və üsulların məqsədəuyğun seçilməsindən birbaşa asılıdır. Alt standartın təlim strategiyalarının xüsusi ilə, tədris prosesində forma və üsulların düzgün seçilməsində mühüm  rol oynadığını bilirik. Təlim prosesinin bütün mərhələləri üçün səmərəli və vahid təlim forması və üsulu yoxdur. Tədris edəcəyi mövzudan, mövzunu əhatə edən daha dogrusu alt standartın bilik və fəaliyyətini özündə əks etdirən tapşırıqlardan, şəraitdən və sinfin anlaq səviyyəsindən asılı olaraq iş forması olaraq müəllim kiçik və ya böyük qruplarla işin təşkilindən, cütlərlə və ya fərdi işdən istifadə edə bilər. Məsələn, V sinif İnformatika fənninin tədrisində «İnformasiyanın kodlaşdırlması» mövzusunda kiçik qruplarla işləmək daha məqsədəuyğundur. Çünki, informasiyanın kodlaşdırılması üsulları çox olduğundan bu mövzunun araşdırlmasında kiçik qruplarla iş formasından istifadə olunsa hər bir kodlaşdırma üsulu haqqında şagirdlər tədqiqat aparmış olacaqlar və informasiya mübadiləsi prosesində digər qrupları da tanış etmiş olacaqlar. «Şəkilli mətnlər» mövzusunda  şəraitdən asılı olaraq cütlərlə işdən istifadə daha effektli ola bilər. Fikrimcə, tətbiqi proqramların mənimsənilməsi və proqram üzərində praktik bacarıqların inkişafı üçün bu iş formasından istifadə daha məqsədəuyğundur, çünki bu proses zamanı hər bir şagird praktiki işdə öz bacarığını formalaşdırmış olur.
  Təlim prosesində «Mənim şagirdlərim nəyi bilirlər?», «Onlar nəyi öyrənmək istəyirlər?», «Mən şagirdlərimin inkişafını təmin etmək üçün hansı üsulu seçməliyəm» kimi suallarla müəllim cavab tapmalıdır. Müəllim üsulları elə seçməlidir ki, şagirdlər yeni biliklər almaqla yanaşı, əvvəlki biliklərini sistemli şəkildə təkrarlamış olsunlar, əldə etdiyi biliyin tətbiq bacarığına yiyələnmiş olsunlar və əldə etdikləri yeni informasiyaları möhkəmləndirsinlər. Məsələn, İnformatika fənnində bir-biri ilə sıx bağlı 4 məzmun xətti vardır. Bu məzmun xətlərinin tədrisində klaster, söz assosasiyası, auksion, İNSERT, BİBÖ  cədvəlindən istifadə şagirdlərin ilkin biliklərini müəyyənləşdirmək üçün effektiv vasitədir, müəllimlər üçün isə bu üsullar diaqnostik qiymətləndirmə üçün də effektivdir. Bu üsullar  istifadə  sinfin səviyyəsini müəyyənləşdirmək üçün və təlim strategiyalarını təyin etmək üçün şərait yaradır. 3-cü məzmun xəttinin tədrisində Venn diaqramı, semantik sxem, rollu oyun, təqdimat, esse, layihələrin hazırlanması və sairə üsullardan istifadə etmək olar. Əsas şərt həmin üsullardan istifadə zamanı şagirddə hansı bilik, bacarıq və vərdişlərin formalaşmasına müəllimin diqqət yetirməsidir. Məsələn, tədris prosesində Venn diaqramının tətbiqi zamanı şagirdlərin öyrəndikləri tətbiqi proqramları müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini müəyyənləşdirməklə müqayisəli məntiqi təfəkkürü inkişaf etmiş olur və sairə.
Müəllim, dərs prosesində psixoloji mühiti lazımi səviyyədə qurmasıyla, müəllim-şagird, şagird-şagird arasında qarşılıqlı hörmət, müzakirə zamanı irəli sürdükləri fikirlərə hörmətlə yanaşılacağına inam yaratmaqla və hər bir fənnin özünəməxsus təlim nəticələrinə nail olmaq üçün təlim strategiyalarınnı düzgün qurmaqla cəmiyyətimizin etibarlı gələcəyi üçün şəxsiyyət yetişdirmək kimi şərəfli missiyanı yerinə yetirmiş olur.



Hiç yorum yok:

Yorum Gönder