Təhsil Xəbərləri

Dərsliklərin yaradılması və qiymətləndirməsi üzrə təlim


MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT 
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ) 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə 
Kredit Nö.: 4394AZ

Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. 

Xidmətin məqsədi: Dərsliklərin yaradılması və qiymətləndirilməsi üzrə təlimlərin təşkil olunmasından ibarətdir. Təlim kursu dərsliyin və dərs vəsaitlərinin yaradılması metodlarına yönəldilməklə yanaşı dərsliyin yazılma prosesində kurikulumla əlaqələndirilməsi, valideyn, ali təhsil müəssisəsi, dövlət idarələri və özəl sektor kimi maraqlı tərəflərlə müzakirələrin aparılması və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi mövzularını əhatə edəcəkdir. Təlimin sonunda iştirakçılar verilmiş kurikulum və yaş qrupu üzrə dərsliyin qiymətləndirilməsini aparmaq və müəlliflərə düzəliş və əlavələrin edilməsi üçün tövsiyələr vermək bacarıqlarına yiyələnəcəklər.    

Xidmətin icra müddəti: aprel-iyun 2014-cü il 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
• nizamnamə. 

Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:

• Məsləhətçi təşkilat müvafiq sahədə təlim və seminarların keçirilməsində geniş təcrübəyə malik olmalıdır;
• Məsləhətçi təşkilatın əsas heyəti dərsliklərin yaradılması və qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır;
• Məsləhətçi təşkilatın dərsliklərin yaradılması və qiymətləndirilməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək;
• Məsləhətçi təşkilatın Azərbaycan dilində təlimlərin keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək. 

Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.

Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. 


Maraqların İfadəsi yazılı şəkildə 29 yanvar 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:

Layihənin Əlaqələndirmə Qrupu,
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə,
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Əlaqələndirici şəxs: Yeganə Manafova
Əlaqə telefonları: (+994 12 ) 496 37 59/60; faks: (+994 12 ) 496 93 68.

Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.


Təhsil Nazirliyinin sifarişi ilə “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib.

Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.
Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır. Daha geniş yayımlanması üçün film mərkəzi və regional kanallara da təqdim edilib.
Filmin ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda, Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir. 


Azərbaycan Diplomatik Akademiyasında “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilmişdir




Bakı, 8 yanvar (AzərTAc). Azərbaycan Diplomatik Akademiyasında (ADA) bu ali məktəbin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Təfəkkür, cəmiyyət və transformativ təhsil” mövzusunda konfrans keçirilmişdir.
Konfransın açılışında xarici işlər nazirinin müavini, ADA-nın rektoru Hafiz Paşayev çıxış edərək Azərbaycan dövlətinin ölkədə təhsilin inkişafına hərtərəfli diqqət və qayğısından danışmışdır. Bildirmişdir ki, Azərbaycan dövləti müəllimlərə xüsusi hörmət və ehtiramla yanaşır, onların cəmiyyət və xalq qarşısında əvəzsiz xidmətlərini yüksək qiymətləndirir.
Rektor qeyd etmişdir ki, gələcəkdə akademiyanın tərkibində orta məktəbin açılması planlaşdırılır.


Tədbirdə vaxtilə Harvard Universitetinin müəllimi olmuş professor Eleanor Dakvort çıxış edərək təhsil tədqiqatçısı kimi bütün yaş qruplarının, müəllimlərin və şagirdlərin həm məktəbdaxili, həm də məktəbdənkənar tədris və təcrübəsi ilə maraqlandığını bildirmişdir. O, həmçinin ABŞ, Avropa, Asiya, Afrika ölkələrində pedaqoji təhsilin və proqramın qiymətləndirilməsini həyata keçirdiyini diqqətə çatdırmışdır.
“Brokvud Park” məktəbinin müdiri Qopal Krişnamurti, ABŞ-ın İllinois Universitetinin tanınmış professoru Uilliam Ayers, Vinçester Universitetinin professoru  Simon Boksli və başqaları təhsil, cəmiyyət, gənclik, təhsil və tədrisə müasir və innovativ yanaşma, kurikulumun və təhsil siyasətinin formalaşdırılması, tələbələrin yaradıcı və tənqidi keyfiyyətlərinin inkişaf etdirilməsi və digər mövzularda çıxış etmişlər.
Tədbirdə, həmçinin Azərbaycan Diplomatik Akademiyasının tədris işləri üzrə prorektorunun müavini Şəmsiyyə Mustafayeva, ADA-nın Təhsil və Dillər İnstitutunun dekanı  Vəfa Kazdal, bakalavr mərhələsinə tələbə qəbulu üzrə direktor müavini  Firuzə Əliyeva orta məktəb müəllimləri ilə Azərbaycan təhsilinin bugünkü inkişaf səviyyəsi ilə bağlı müzakirələr aparmışlar.
Konfrans öz işini “Təbiətdə transformativ təhsil”, “Məktəb, kurikulum, təhsil siyasəti”, “Birlikdə öyrənmə və düşünmə”, “Təhsil siyasəti, kurikulum tərtibatı və gələcək addımlar” və s. mövzular ətrafında çıxışlar və müzakirə panelləri ilə davam etdirmişdir.
İki gün davam edən konfrans iştirakçılarla sual-cavab, açıq müzakirələrlə başa çatmışdır.


Kurikulum Mərkəzində Respublika müəllimlərinin növbəti görüşü

2014-cü il yanvar ayının ilk həftəsində növbəti dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutu Kurikulum Mərkəzində “Yeni təlim proqramı (kurikulumlar): Respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” mövzusunda elmi-praktik konfransın reallaşdırılması üçün görüş keçirilib. Görüşdə təhsil nazirinin müşaviri Ağababa İbrahimov, TPİ-nin direktoru Qulu Novruzov və direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə II Layihənin əlaqələndirmə Qrupunun məsləhətçisi Almaz Həsrət, Kurikulum Mərkəzinin şöbə müdirləri iştirak edib. 

Mərkəzin konfrans zalında keçirilən tədbirə Respublikanın müxtəlif bölgələrindən olan 150-dək fəal müəllim qatılıb.

Tədbiri giriş sözü ilə açan Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov belə işgüzar görüşlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğulayıb. Natiq Respublikamızda həyata keçirilən uğurlu təhsil islahatlarından və özəlliklə də Azərbaycan dövlətinin inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək sürətlə tətbiq etməsindən danışıb. O, 2013-cü il oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində mütərəqqi islahatları nəzərdə tutan növbəti bir sənədə imza atdığını bildirib. Natiq bu sənədin təhsil sahəsilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini əks etdirən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq olunması barədə bir sərəncam olduğunu xatırladıb. “Dövlət Strategiyası təhsil islahatlarının daha sistemli aparılması və ölkənin inkişafına daha yüksək töhfələr vermək istiqamətində düşünülmüş konseptual bir sənəddir”, - deyə o, bildirib.

Q.Novruzov həmçinin Azərbaycan təhsil sistemindəki yeniliklər və qarşıda duran əsas vəzifələr barədə məlumat verib. O, kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönlü addımların daha uğurla nəticələnməsində məhz yaradıcı və yenilikçi, daim axtarışda olan müəllimlərin əsas rol oynadığının vacibliyini xüsusi qeyd edib. Natiq məktəb kurikulumlarının hazırlanması barədə də məlumat verib. Bildirib ki, bölgələrdə yerləşən hər bir təhsil müəssisəsinin özünün məktəb kurikulumlarının hazırlanması işinə başlanılır. Yəni hər məktəbin özünün məktəb kurikulumu olacaq. O öz çıxışında həmçinin görüş iştrakçılarına təhsil naziri cənab Mikayıl Cabbarovun da təhsillə bağlı söylədiyi fikirlərini geniş şəkildə çatdırıb.

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov isə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərin həyata keçirilməsində və geniş ictimaiyyətin məlumatlandırılmasında məhz təhsil işçilərinin böyük xidmətlərinin olacağını xüsusi vurğulayıb. O, ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlərin həyata keçirilməsində əsas məqsədin məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılmasında təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarət olduğunu vurğulayıb.

Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasov ölkəmizdə həyata keçirilən təhsil islahatlarının mövcud mərhələləri, həmçinin mövcud şəraitdə işlərin icra vəziyyəti barədə danışıb, bu ilə qədər əldə olunan ilkin nəticələr barədə fikirlərini paylaşıb. O da kurikulumların və ümumilikdə təhsildə aparılan inkişafyönlü addımların daha uğurlu alınmasında məhz yaradıcı və yenilikçi müəllimlərin əsas rol oynadığının vacibliyini qeyd edib. Çıxışçı hər bir müəllimin dərsin qurulmasında sərbəst şəkildə təhsil texnologiyalarından istifadə edə bilməsinin vacibliyini vurğulayıb. Ə.Abbasov şablon dərs texnologiyasının olmadığını, bunun yalnız müəllimlərin öz seçimi və yaradıcılığına söykəndiyini bildirib, yalnız dövlət standartının düzgün reallaşdırılmasının gərəkliliyini vurğulayıb. Kurikulumlar barədə hazırlanmış kitab və metodik tövsiyələrin hələlik bir qədər az olduğunu, lakin bununla yanaşı, bu sahədə işlərin davam etdirildiyini deyən natiq dərsliklərin yeni nəslinin hazlırlandığını bir daha müəllimlərin nəzərinə çatdırıb.

Sonra isə mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Şəmkir, Gəncə, Biləsuvar, Masallı, Astara, Quba, Goranboy, İmişli, Xızı, Sabirabad, Lənkəran, Lerik, Saatlı, Laçın, Ağdam, Salyan, Hacıqabul, Neftçala, Şamaxı, Qəbələ, Samux, Göyçay, Beyləqan, Balakən, Şəki, Xırdalan, Abşeron rayonları, Sumqayıt və Bakı şəhərindən gələn ən fəal müəllimlər müzakirələrə qoşularaq çıxışlar edib.


Respublikanın əməkdar müəllimi, görüşün koordinatoru Almaz Həsrət qeyd edib ki, kurikulumların daha geniş ictimaiyyətə çatdırılması ilə bağlı yaradılmış kurikulum.az portalı ilk gündən, xüsusilə də 2010-cu ildən bu günə qədər təhsil işçiləri və təhsillə maraqlanan bütün şəxslərin böyük marağına səbəb olub. Müzakirələrin daha geniş təşkili üçün 2010-cu ildən Facebook sosial şəbəkəsində portalın eyni adlı qrupu qurulub. Qrupa bu günə qədər 8 mindən artıq üzv qoşulub. Bu isə kurikulumlara olan diqqət və marağın göstəricisi sayıla bilər. Elə həmin maraq nəzərə alınmaqla 2013-cü ildən başlayaraq Respublika səviyyəli görüşlər təşkil edilir. Ötən il ərzində ikisi Bakıda, biri Şəkidə olmaqla 3 belə görüş keçirilib. Bu görüşlər Azərbaycan mediasında da geniş işıqlandırılıb. Görüşlərin səmərəli sonuclar verməsi nəzərə alınaraq 2014-cü ildə də ənənənin davam etdirilməsi qərara alınıb və yanvarın ilk həftəsində növbəti görüş keçirilib.

İmişli rayonu, Aranlı kənd orta məktəbinin direktoru, riyaziyyat müəllimi, əməkdar müəllim Malik Qəhrəmanlı, Biləsuvar rayonu, İsmətli kənd orta məktəbinin ibtidai metodbirləşmə sədri, əməkdar müəllim Rüstəm Əliyev, İqtisad Universitetinin müəllimi Xuraman Osmanova, Şəmkir rayonu Kür qəsəbə 2 saylı tam orta məktəbin müəllimi Ruhiyyə Rəfiyeva, həmin rayonun Zəyəm qəsəbə S.Məmmədov adına tam orta məktəbin müdir müavini Vüsalə Mehtiyeva, Saatlı rayon S.Vurgun adına 1 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi, müdir müavini Cəfər Məmmədov, həmin rayonun Əhmədbəyli kənd tam orta məktəbinin coğrafiya müəllimi Orxan Alışov, Laçın rayonu Ə.Məmmədov adına Qışlaq kənd tam orta məktəbinin müəllimi Şəfa Mirzəyev, TPİ-nin əməkdaşı Afaq Əliyeva, Bakıdan məktəb müəllimləri Sənubər Məmmədova, Vəfa Vəliyeva, Roza Qasımova, Abdulla Qəhrəmanov, Leyla Mürsəlova, Firahnaz Heydərova, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Hüseyn Hüseynov, Sumqayıt şəhərindən müəllim Cəmalə Cəfərova və b. praktik təhsil işçiləri kimi yerlərdə işin tətbiqi mövzusunda çox maraqlı çıxış ediblər. Əsasən kurikulumun bölgələrdə tətbiqi, kənd məktəblərində bununla bağlı işin təşkili, təlimçilərin hazırlığı və onların yerlərdə keçdiyi kursların keyfiyyəti ilə bağlı, kurikulumun daha aydın dərk olunması üçün keçirilən kursların təlim gününün uzadılması, məntiq dərsinin proqrama salınması məsələsi, məktəb rəhbərliyinin maarifləndirilməsi işinin təşkilinə diqqətin ayrılması, qiymətləndirmə və onun mexanizmi, fiziki tərbiyə fənninin tədrisi problemləri, yeni dərsliklərin hazırlanması işinin təşkili, bölgələrdə yeni dərsliklərə münasibət, pedaqoji kadr hazırlığı və müəllim hazırlığında olan problemlər və s. barədə səslənən çox maraqlı çıxışlar ətrafında geniş müzakirələr aparılıb.
 
 
  
Tədbirin sonunda TPİ-nin direktoru Qulu Novruzov yaxın zamanda “Yeni təlim proqramı (kurikulumlar): respublikamızın məktəblərində işin təşkili, reallıqlar, perspektivlər” adı altında geniş elmi-praktik konfransın keçiriləcəyini bildirib.

Keçirilmiş görüş bütün iştirakçıların ürəyincə olub, ölkənin qabaqcıl müəllimlərinin əlaqələrinin möhkəmləndirilməsi, bilik və bacarıqların paylaşılması baxımından yüksək dəyərləndirilib. Görüşdə başlanan müzakirələr Kurikulum.az portalının Facebook qrupunda da davam etdirilir. Qərara gəlinib ki, mövzu ilə bağlı görüşlər, seminarlar, elmi praktik konfranslar daha çox bölgələrdə keçirilsin.

Onu da əlavə edək ki, müzakirələrdən sonra görüş iştirakçıları Bakıdakı Askar Oteldə birgə nahar edib, qeyri-rəsmi fikir mübadiləsi aparıblar.







Ölkənin 11 şəhər və rayonunda təhsil işçiləri üçün mentorluq fəaliyyəti təşkil olunur




Orta ümumtəhsil məktəblərində təhsil işçiləri üçün mentorluq fəaliyyəti təşkil olunur.
İKT informasiya mərkəzindən SalamNews-a verilən məlumata görə, layihə 2013-cü ilin aprel ayından etibarən, respublikanın Bakı, Sumqayıt, Şirvan, Mingəçevir, Göyçay, Bərdə, Hacıqabul, Gəncə, Ağstafa, Qusar, Qəbələ şəhərlərində Mədəd Azərbaycan təşkilatı və Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən icra olunur. Layihə çərçivəsində qeyd olunmuş şəhər və rayonların seçilmiş məktəb müəllimlərinə “Həmkara Dəstək” təlimi keçirilir.
Bu il üçün sözügedən təlim üzrə 531 nəfər pedaqoji heyətin təlimdən keçməsi nəzərdə tutulmub. Layihənin əsas məqsədi Respublikanın orta ümumtəhsil məktəblərində nəzərdə tutulan mentorlar hazırlamaqdır. Mentorların məktəblərdə əsas fəaliyyəti tədris etdikləri fəndən asılı olmayaraq həmkarlarına yeni təlim metodları, İKT və müasir pedaqoji yanaşmaların təhsilə tətbiqi üzrə məsləhətlər vermək, eyni zamanda onları yönləndirməkdən ibarətdir. Təlimlər nəticəsində məktəblərdə fəal, təcrübəli, ünsiyyət bacarıqlarına malik mentorlar öz həmkarlarına dəstək olmaqla onların təkmilləşmə ehtiyaclarını ödəyəcək. Bu da XXI əsr şagirdlərinin hərtərəfli inkişafında, onların bilik və bacarıqlarının artırılmasında, həmçinin dünyagörüşünün zənginləşməsində böyük rol oynayacaq. Hər bir məktəbdə belə mentorun mövcudluğu pedaqoji heyətə tədrisdə İKT-nin istifadəsini asanlaşdırmağa kömək edəcəkdir.
“Həmkara Dəstək” layihəsinin əsası ABŞ-da “Peer-Ed” təşkilatı tərəfindən qoyulub. Azərbaycanın bu layihədə iştirakı Təhsil Nazirliyi ilə Microsoft Azərbaycan arasında imzalanmış “Təhsildə Əməkdaşlıq” Anlaşma Memorandumu çərçivəsində mümkün olub.




Azərbaycan Respublikası Təhsil Nazirliyində “Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması Qaydaları” mövzusunda görüş keçirilmişdir


25 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Təhsil Naziriliyinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva “Mədəd Azərbaycan” təşkilatının inzibati və təlimçi heyəti ilə “Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması qaydaları” mövzusunda təlimat xarakterli görüş keçirmişdir. 

Görüşü açıq elan edən Təranə Hacıyeva Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması” mövzusunun vacibliyini qeyd etdi. Təranə xanım bildirdi ki, “Mədəd Azərbaycan” təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dünya Bankı tərəfindən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2012/2013-cü tədris ilində Respublikanın şəhər və rayonlarının yerli təhsili idarəetmə orqanlarının rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim xidmətlərini həyata keçirən təşkilatlardan biri olduğu üçün təlimçi heyətinin bu müzakirədə iştirakı məqsədəuyğundur. Daha sonra məktəbdaxili qiymətləndirmənin tərkib hissələri barədə danışan Təranə xanım onların müvafiq qaydalara uyğun olaraq tətbiq edilməsinin kurikulum islahatının uğurla davam etdirilməsi ilə sıx bağlı olduğunu vurğulamışdır. Görüş zamanı məktəbdaxili qiymətləndirmənin prinsipləri, əsas xüsusiyyətləri və icra mexanizmi müzakirə olunmuşvə bu məsələlərlə bağlı bütün suallar cavablandırılmışdır.

Layihə əlaqələndirmə qrupunun direktoru Elvin Rüstəmov və “Mədəd Azərbaycan” təşkilatının təhsil layihələri üzrə məsləhətçisi Səidə Əhmədova şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun qiymətləndirmə meyarlarının dərsin sonunda formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında ifadələrlə təsvir olunması üçün ayrılan vaxtdan səmərəli istifadənin vacibliyini və əhəmiyyətini qeyd etdilər. 

Tədbirdə təlimçilər  Aqil Həsənov, Günel Kərimli, Şəfəq Hüseynova, Bəhruz Mehdiyev, Bəhruz Nəbili, Şəlalə Məhərrəmova və Namiq Aslanovun qiymətləndirmənin tərkib hissələrindən olan formativ və summativ qiymətləndirmənin səciyyəvi cəhətləri və mövcud olan problemlərin aradan qaldırılması yollarına dair sualları yüksək səviyyədə cavablandırıldı. Çıxış edən təlimçilər, bu müşavirənin mühüm əhəmiyyətini qeyd edərək yeni məktəbdaxili qiymətləndirmə sistemi haqqında Monitorinq və Qiymətləndirmə şöbəsində hazırlanmış təlimatın faydalı olduğundan və bu məsələlərdə onlara aid olan vəzifələrin məsuliyyətlə icrasından danışdılar.









1 yorum:

  1. Maraqlı və faydalı Bloqdur. Uğurlar sizə Aqil müəllim

    YanıtlaSil