17 Ocak 2014 Cuma

Azərbaycanda 15000-ə yaxın nəzarətçi-müəllim seminarlarda iştirak edəcək


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti tədris ilində keçirəcəyi imtahanlarda nəzarətçi kimi iştirak edəcək müəllimlər üçün yanvarın 15-dən başlayaraq seminar-məşğələlər keçirir. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, seminar-məşğələlərin məqsədi nəzarətçi müəllimləri qəbul imtahanının texnologiyası ilə yaxından tanış etmək, imtahanları təlimata uyğun keçirməyə hazırlamaqdır.
Fevralın 24-dək davam edəcək seminarlar TQDK-nın mərkəzi aparatının və regional bölmələrinin məsul əməkdaşları tərəfindən aparılır. Seminarlarda 80 şəhər və rayondan olan 2100 orta təhsil müəssisəsindən 15000-ə yaxın nəzarətçi müəllimin iştirak edəcəyi gözlənilir. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla keçirilir. Bu zaman real imtahanda tətbiq edilən sənədlər və vəsaitlərdən istifadə edilir.

Seminar-məşğələlərdə iştirak edən müəllimlər (xüsusən ilk dəfə cəlb olunan nəzarətçilər) TQDK tərəfindən keçiriləcək sınaq imtahanlarında nəzarətçi kimi iştirak etməyə dəvət olunacaqlar. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər qəbul imtahanlarına cəlb olunacaqlar.

APA

Hiç yorum yok:

Yorum Gönder